ABŞ və İran prezidentləri tərəfindən imzalanmış qarşılıqlı anlaşma memorandumu qüvvəyə minib və İslamabad vasitəçi qismində bunu təsdiqləyib.
Oxu. Az xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" hesabında məlumat verib.
"Bu gün Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında tarixi "İslamabad anlaşma memorandumu"nun elektron formatda imzalandığını elan etməkdən böyük şərəf duyuram. Sənəd hər iki ölkənin hörmətli prezidentləri tərəfindən imzalanıb və eyni zamanda vasitəçi kimi mənim tərəfimdən də təsdiqlənib", - deyə baş nazir paylaşımında qeyd edib. Onun sözlərinə görə, "İslamabad anlaşma memorandumu" dərhal qüvvəyə minir.
"İlk addım olaraq İran İslam Respublikası təxirə salmadan Hörmüz boğazını açacaq, Amerika Birləşmiş Ştatları isə dəniz blokadasını dərhal ləğv edəcək", - deyə Pakistan hökumətinin rəhbəri əlavə edib.
Pakistanın baş naziri münaqişənin dinc yolla həllinə sadiq qaldıqlarına görə ABŞ və İran rəhbərliyinə öz minnətdarlığını bildirib. O, həmçinin Qətər, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin vasitəçilik səylərini yüksək qiymətləndirib.
#MəhəmmədŞahbazŞərif #ABŞ #İran #oxuaz