"Mən düşüncə ilə hiss arasında sərhəd qoymuram. Əminəm ki, musiqi, söz, rəng və hərəkətin birləşməsi insan təcrübəsini elə səviyyəyə qaldırar ki, bunu təkcə sözlər edə bilməz."
Oxuduğum qərbli sənətşünas müəlliflərə görə Kennet Klarkı (Kenneth Clark) oxumadan XX əsrin Qərb musiqisi, incəsənəti, rəssamlığı haqqında dəruni düşüncəyə sahib olmaq çox çətindir, bəzi hallarda hətta mümkünsüzdür.
1903-cü ildə Böyük Britaniyada doğulan Klark, vəfat etdiyi 1983-cü ilədək incəsənət və mədəniyyət barədə yazdıqları ilə çox böyük bir irs qoyub.
İtaliya Renessansı üzrə çox böyük mütəxəssislərdən olan Kennet Klarkın, şəkildə də gördüyünüz "Sivilizasiya: Şəxsi baxış" (Civilisation: A personal view) kitabı onun ən qiymətli əsərlərindən biridir.
13 fəsildən ibarət bu kitabda Klark Avropa mədəniyyətinin dirçəlişini, XX əsrdəki inkişafını dolğun şəkildə izah edir. Klarka görə, mədəniyyət insan varlığının ən əsas şərtidir və o, bunu kitabında geniş şəkildə əsaslandırır.
Xatırladaq ki, ötən əsrin 60-cı illərinin sonunda Klark BBC-də "Civilisation: A personal view" silsilə verilişlərin müəllifi və aparıcısı olur və bu çoxseriyalı verilişlər hədsiz şöhrət qazanır.
Özündən sonra çoxlu sənədli layihələrə ilham, nümunə olan bu verilişlərin ən böyük tənqidçilərindən biri də Con Börcer (John Berger) idi.
Börcer bu haqda özünün "Görmə üsulları" (Ways of seeing) kitabında yazaraq Klarkı amansız tənqid etmişdi. Börcerə görə, Klark mədəniyyəti təkcə Qərb incilərindən ibarət hesab edirdi.
Yeri gəlmişkən, bu kitabı türkcə "Görme biçimleri" adı ilə internetdən tapıb oxuya bilərsiniz.
Kennet Klark bəhs etdiyimiz kitabının ön sözündə bu məsələyə aydınlıq gətirərək yazırdı ki, bu kitab Qərbi Avropanı əhatə edir. Misir, Suriya, Yunanıstan, Roma, İran, Hindistan, Çin və İslam mədəniyyətini əhatə etmir.
İncəsənətin hamı üçün əlçatan olduğunu vurğulayan Klark bu kitabda mədəniyyətin nə olduğunu izah etməklə kifayətlənmir, eyni zamanda niyə var olduğunu, niyə var olmalı olduğunu da geniş şəkildə izah edir, əsaslandırır.
Bu kitabı oxuyarkən öyrənmək öz yerində, oxuduqca həzz, ləzzət alırsan.
Kaş, dilimizə də tərcümə oluna.
#KennethClark #QərbMədəniyyəti #OxunmalıKitablar #BBC #İtaliya #Renessans #BBCDocumentary #JohnBerger #rəssamlıq #WaysOfSeeing